Mədəniyyət Nazirliyinin regionlarda qastrol səfərlərinin təşkili ilə bağlı əmrinə uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi Lənkərana səfər edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, səfər çərçivəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası uğurla səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olub. Səhnə əsəri Türk dünyasında müdriklik və kamillik simvolu sayılan Molla Nəsrəddinin beş arvadı ilə yaşadığı macəraları əks etdirir. Gülüş və yumorla dolu bu tamaşada Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov çıxış ediblər.