Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və səhnə quruluşunda hazırlanmış “Əliqulu bu gün evlənir” adlı komediyanın premyerası baş tutacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, dövrümüzlə uyğunlaşan və dinamik süjetə malik komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur.
Tamaşada İlham Namiq Kamalın canlandırdığı Əliqulu obrazı, “kreslo xəstəliyi”nə tutulmuş vəzifə həvəsli şəxsləri gülüş və satira ilə tənqid edir.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova və konsertmeysteri Fidan Əliyeva olub.
Tamaşada Xalq artisti İlham Namiq Kamal ilə birlikdə Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova və digər xor və balet artistləri iştirak edəcəklər.
Premyera biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.