Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı və dramaturq Ülviyyə Heydərovanın “İnanıram” adlı monopyesi rejissor Leonid Kletsin tərəfindən təqdim olunacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın rol aldığı bu psixoloji tamaşada müharibədə oğlunu itirmiş tənha bir ana obrazı təqdim olunur.
Tamaşada müharibənin bəşəri bir problem olaraq qadının həyatına və taleyinə olan sarsıdıcı təsiri obrazlı şəkildə göstərilir. Həmçinin, xatirələrə sığınan ananın Vətənə olan sevgisi və övladına olan məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.
Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti isə Zaur Əliyevdir.
Tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür. Kollektiv sifarişlər də qəbul edilir.