Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi salonunda, Naxçıvan Rəssamlar Birliyi, Rus Evi və İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgi açılıb.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamı müstəqil və qalib ölkəmizin müasir tarixində mühüm bir hadisədir. O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanın muxtariyyətinin tarixi bir nailiyyət olduğunu vurğulamış və bu muxtariyyətin qorunub saxlanmasının vacibliyini qeyd etmişdir.
Sərəncama əsasən, Naxçıvanın muxtariyyətinin 100 illiyi ölkənin bir çox bölgələrində qeyd olunur. Rəssamlar Birliyi bu tədbirin 10-cu ildönümünü qeyd edir və bu sərgi də daxil olmaqla 3 beynəlxalq sərgi keçirilib. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi üçün bəzi sərgilər tematik mövzulara uyğun təşkil olunub. Bu ilin sonuncu sərgisi “Səyahət edən namələr” adlanır və gələcək nəsillərə mistik mesajlar və şəkillər təqdim edir. Namə – qədim məktub olub, keçmişdən gələcəyə yönəldilmiş sirlər, düşüncələr və mesajlar daşıyır. Dünya rəssamları və sənət adamları bu namələri sülh, sevgi və dostluq ideallarını təbliğ edən təmiz və azad bir dünya üçün ünvanlayırlar. Məqsəd isə bu mesajları incəsənət vasitəsilə dünyaya çatdırmaqdır.
Bu beynəlxalq incəsənət layihəsi Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova ilə Yakutiyadan olan rəssam Natalya Nikolayevnanın təşəbbüsü ilə həyata keçirilir. 2006-cı ildə Moskva Millətlər Evində başlanan bu layihə, müxtəlif xalqlar arasında mədəni əlaqələr yaradaraq, hər yerdə yeni mənalar qazanıb.
Sonda sərgi iştirakçılarına təşəkkürnamələr təqdim olunub, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri və Azərbaycan və Türkiyədən olan “Turan” vokal-instrumental ansamblı xalq mahnıları ifa ediblər. Tədbirin sonunda sərgiyə baxış keçirilib.
Dekabrın 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri nümayiş olunur.