Avroviziya qalibimiz Nigar Camal “Dostluq” kinoteatrının sökülməsinə etiraz edib.
Uvertura.az xəbər verir ki, bununla bağlı sənətçi feysbukda paylaşım edib.
Sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyevin binanın sökülməsi ilə bağlı statusunu səhifəsində yerləşdirən Nigar “Niyə?!”, – deyə, bildirib. Həmin paylaşımda isə qeyd olunub:
“İki gündür ki, 1960-cı illərin Stalin dövrünün memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır. Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə (ümumiyyətlə, heç birində) dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində hündürmərtəbəli bina tikmək istəyirlər.
Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi “Stalin” dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?
Baxmayaraq ki, hələ 10 iyun 2021-ci il tarixində “1news” saytın səhifələrində Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirmişdi ki, “Təsdiq edirəm ki, keçmiş “Dostluq” kinoteatrının yerində çoxmərtəbəli yaşayış binası müzakirə mövzusu deyil”. Onda nə baş verir, məlumat verin! Kimsə həqiqəti deyəcək? Yoxsa iş sizdən xəbərsiz aparılır!?
Uşaq nağılçısı Canni Rodarinin “Yalançılar ölkəsində Gelsomin” əsərinin baş qəhrəmanı deyirdi: “Yalançılar ölkəsində qanun var: yalan danışmayan sağlam deyil”.