Oktyabrın 28-də Beynəlxalq Animasiya Günündə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi rejissor Emin Mirabdullayevin rəhbərliyi ilə Bakıda “Anima” animasiya studiyasının və fotoqraf İlkin Zəfərlinin rəhbərliyi ilə bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyasının açılışı olacaq.
Uvertura.az xəbər verir ki, həmin gün müxtəlif proqramlar təqdim olunacaq və hər kəs özü üçün maraqlı mövzu tapacaq.
“Övladınızla gələ bilərsiniz və ya təhsil üçün vaxt ayıra bilərsiniz. Bu isə daha sonra hobbidən yeni bir peşəyə çevrilə bilər”, – məlumatda qeyd edilib.
Beynəlxalq Animasiya Günü proqramı:
Saat 14:00-da tamaşaçılar rejissor Emin Mirabdullayevin dünya animasiyasına dair interaktiv dərsinə dəvət olunacaqlar.
Qonaqlar yeni studiyada animasiya videosunun yaradılmasında iştirak edə biləcək və burada “stop-motion” üslubunda “cut-out” animasiyasının necə yaradıldığını görəcəklər.
Daha sonra hər kəs İlkin Zəfərlinin əsərlərinin təqdim olunacağı animasiya miniatürləri sərgisinə dəvət olunacaq.
Hər bir ekspozisiya özünəməxsus işıq və ab-havası ilə unikal dünyanı təqdim edəcək.
Fotoqraf istənilən mürəkkəblik səviyyəsində çəkilişlər və işıqla işləmək üçün əl altında olan vasitələrdən anturaj yaratmaq üzrə master-klass keçəcək.
Qonaqlar həmçinin telefonlarından istifadə edərək İlkin Zəfərlinin “frizlayt” dərsində iştirak edə biləcəklər. Qeyd edək ki, “frizlayt” məkanda işıq vasitəsilə yaradılan rəssamlıq sənətidir.
Daha sonra tədbir iştirakçıları auditoriyada dünya animasiyasının klassik nümunələrinə baxacaq, saat 19:00-da isə Beynəlxalq Animasiya Gününü “ecstatic dance” adlı rəqslə qeyd edəcəklər.
Yalnız bu gün siz “Anima” rəqəmsal studiyasına 50 % endirimlə abunə ola bilərsiniz.
Tədbirə giriş pulsuzdur.