Novruz qədim ənənələrə söykənən, Azərbaycanın milli dəyərlərini özündə birləşdirən ən əziz bayramlardan biridir. Baharın gəlişi ilə birlikdə təbiətin oyanması, insanların yeni başlanğıclara qədəm qoyması bu bayramın ruhunu təşkil edir. Qışın son ayı olan Boz çillədə təbiət hələ sakit görünsə də, yazın gəlişi ilə həyat yenidən canlanmağa başlayır. Məhz buna görə Novruzdan öncəki dörd həftə ərzində çərşənbələr qeyd olunur, bayramın gəlişi üçün xüsusi hazırlıqlar görülür.
Uvertura.az xəbər verir ki, Xalqımızın böyük coşqu ilə qeyd etdiyi çərşənbələrin birincisi Su çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” kimi də tanınır. İlk çərşənbənin su ilə əlaqələndirilməsi təsadüfi deyil. Bütün mifik görüşlərdə su həyatın, dirçəlişin, sağlamlığın və xoşbəxtliyin rəmzi kimi qəbul olunur. Su olan yerdə həyat var, onun sayəsində təbiət yenilənir və bərəkət artır.
İnanca görə, Su çərşənbəsində sular təzələnir. Gün doğmadan əvvəl insanlar bulaq başına gedər, əl-üzlərini yuyar, su üzərindən tullanar və bir-birilərinin üzərinə su çiləyərək təmizlənmə ayinlərini icra edərlər. Evə bulaqdan gətirilən su ilə çay dəmlənər və həmin gün insanlar ürəklərindəki arzuları suya danışarlar. Qədim zamanlarda bulaq başında toplaşan insanlar suyun müqəddəsliyini və gözəlliyini tərənnüm edən nəğmələr oxuyardılar. Şifahi xalq ədəbiyyatında suyun saflığını, müqəddəsliyini əks etdirən atalar sözləri, tapmacalar və lətifələr geniş yer tutur.
Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulur. Suya tapınma inancı əsrlərdir xalq inanclarında öz əksini tapmışdır. “Su bardağı suda sınar”, “Su axar, çuxurunu tapar”, “Suyun lal axanı, adamın yerə baxanı” kimi atalar sözləri suyun həyatımızdakı mühüm rolunu vurğulayır.
Qədim türk mifologiyasında su xüsusi obraz kimi qəbul olunur və onun yeniləyici, təmizləyici gücünə inanılır. Torpağın oyanması üçün suya ehtiyac var. Su yatmış torpağı oyadır, canlandırır və yazın gəlişinin xəbərçisinə çevrilir. Bu inanca əsaslanaraq xalqımız Su çərşənbəsini böyük sevinc və coşqu ilə qeyd edir.
Su yalnız təbiəti deyil, insan ruhunu da təmizləyən, ona rahatlıq bəxş edən qüvvə kimi qəbul olunur. Su çərşənbəsində edilən duaların və diləklərin çin olacağına inanılır.
Ömrünüz su kimi saf, su kimi bərəkətli, su kimi uzun olsun! Su çərşənbəniz mübarək!