Sonsuz sayda ulduz və milyardlarla qalaktika olduğu halda, niyə Kainat bizə qaranlıq görünür? Əgər hər tərəf ulduzlarla doludursa, niyə gecə səmada hər yer işıq saçmır?
Bu sual Olbers Paradoksu adlanan bir məsələyə çevrilib. Paradoksun məğzi budur: Əgər Kainat sonsuz və dəyişməz olsaydı, baxdığımız hər yerdə bir ulduz olmalı idi. Belə olan halda, bütün səmamız işıqla dolu görünməli idi.
Uvertura.az xəbər verir ki, alimlər bu sualın cavabını tapıblar. Edvin Hubble 1920-ci illərdə kəşf etdi ki, Kainat genişlənir, yəni zamanla böyüyür və dəyişir. Bu isə o deməkdir ki:
-
Kainatın yaşı sonsuz deyil – O, 13,82 milyard il əvvəl yaranıb. Bəzi ulduzlardan gələn işıq bizə çatacaq qədər uzun müddət yol qət etməyib.
-
Kainat sabit deyil, daim genişlənir – İşıq kainatda hərəkət edərkən, Kainatın genişlənməsi səbəbindən onun dalğa uzunluğu uzanır. Nəticədə, görünən işıq infraqırmızı və radio dalğalarına çevrilir, biz isə onu adi gözlə görə bilmirik.
-
İşıq mənbələri hər zaman mövcud olmayıb – Bütün ulduzlar eyni vaxtda yaranmayıb, bəziləri hələ işıq yaymağa başlamamışdı.
Deməli, Kainat əslində bir zamanlar işıqla dolu idi, amma genişləndikcə işıq “soyuyub” və gözümüzlə görə bilmədiyimiz bir hala gəlib. Ona görə də gecə səmaya baxanda qaranlıq bir sonsuzluq görürük.