Axşam.az xəbər verir ki, Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Görkəmli rəssamın həyatı və yaradıcılığı
Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Dəyərli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın lideri kimi səciyyələndirirlər.