Şou-biznes

Onları efirə çağırmayacağam – Tolik

Aparıcı Tarix Əliyev, daha çox Tolik adı ilə tanınan tanınmış televiziya siması, efir mədəniyyəti olmayan müğənniləri verilişinə dəvət etməyəcəyini bildirib.

Uvertura.az xəbər verir ki, Bu barədə o, “Tarixin bir günü” verilişində çıxışı zamanı danışıb.

Tolik qeyd edib ki, yaxın günlərdə həmkarı Zaur Nəbioğlu ilə bu məsələ barədə müzakirə aparıblar və belə bir ortaq qərara gəliblər: efir mədəniyyətinə malik olmayan, konsert salonlarını restoranla səhv salan, böyük-kiçik yeri gözləməyən sənətçilər bundan sonra onların verilişlərinə çağırılmayacaq. O əlavə edib ki, bu qərarı özü üçün prinsip kimi qəbul edib və Zaur da bu fikrə qoşulub.

Daha sonra o, aparıcı Elgiz Əkbərin də bu cür ifaçıların “boykot” edilməsini dəstəklədiyini vurğulayıb. Bununla belə, Tolik “boykot” ifadəsini işlətmək istəmədiyini bildirib. Onun fikrincə, televiziya tamaşaçılar üçün fəaliyyət göstərir və efirdə nə təqdim olunursa, insanlar da onu izləyirlər.

Tolik bu fikirlərini bir nümunə ilə izah edib. O deyib ki, evdə anasının nə bişirdiyini yeyir, restoranda isə fərqli yeməklər sifariş verir. Bu bənzətmə ilə demək istəyib ki, televiziyada nə təqdim olunursa, tamaşaçılar onu qəbul edir və buna görə də keyfiyyətli seçimlər etmək vacibdir.

O qeyd edib ki, bir-iki ay ərzində bu cür müğənnilərə efirdə yer verilməsə, onların adı belə yadlara düşməyəcək və televiziya bu dəyişikliyə uyğunlaşacaq. Onun sözlərinə görə, məqsəd reytinq qazanmaq deyil, zövqlü tamaşaçı formalaşdırmaqdır.

Sonda Tolik vurğulayıb ki, bu müğənnilər anlamalıdırlar: efir TikTok deyil. Onun çağırışı belə olub ki, özünə hörmət edən aparıcılar bu məsələdə birləşməli və ortaq mövqe nümayiş etdirməlidirlər. Belə sənətçilərin TikTok-da trend olmaqlarına etirazı olmadığını deyən Tolik, onların televiziyalardan uzaq durmasının daha doğru olduğunu bildirib.

You may also like