Bu gün sizə Nəsibə Zeynalova haqqında məlumat vermək istəyirik.
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Nəsibə Zeynalova Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Daha, texnikumda oxuyarkən o, Katarina (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.
Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.
- Xanpəri (“Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
- Nargilə (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov),
- Şərəf və Nisə (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov),
- Məsmə (“Toy kimindir?”, Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
- Züleyxa (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov),
- Tükəz (“Hacı Qara”. Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),
- Tərlan (“Ürəkçalanlar”, Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
- Zemfira (“Kəndimizin mahnısı”, Kərim Kərimov və Zakir Nərimanov),
- Rəxşəndə (“Qızıl axtaranlar”, Həsən Seyidbəyli və Tofiq Quliyev),
- Münəvvər (“Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
- Kəblə Fatma (“Hacı Kərimin Aya səyahəti”, Qulamrza Mahmudu ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
- Şölə xanım, Xeyransa, Matan (“Özümüz bilərik”, “Sevindik qız axtarır” və “Olmadı elə, oldu belə”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
- Mərcan (“Səndən mənə yar olmaz”, Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
- Cəhri xala (“Altı qızın biri Pəri”, Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
- Əsınət (“Ev bizim, sirr bizim”, Novruz Gəncəli və Şəfiqə Axundova),
- Cənnət xala (“Qaynana”, Məcid Şamxalov və Zakir Bağırov),
- Gülyanaq (“Haradasan, ay subaylıq?”, Salam Qədirzadə və Süleyman Ələsgərov),
- Fatma xala (“Axırı yaxşı olar”, Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
- Rəxşəndə (“Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
- Zeynəb, Cəmilə (“Boşanaq, evlənərik” və “Nənəmin şahlıq quşu”, Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
- Cəlbi (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
- Səltənət (“Dağlar qoynunda”, Ədil İsgəndərov və Əşrəf Abbasov),
- Qızbacı (“Hicran”, Sabit Rəhman və Emin Sabitoğlu),
- Nazxanım (“Nazxanım naz eləyir” Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),
- Güləndam (“Qonşumuzda bir oğlan var”, Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
- Fatma (“Həyətim mənim, həyatım mənim”, Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
- Ballı (“Qızıl toy”, Ramiz Heydər və Oqtay Kazımov),
- Qəmər (“Nəğməli Könül”, Xalidə Hasilova və Emin Sabitoğlu)
Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları ilə yaddaşımızda həkk olunub.