Musiqi yaradıcılığı, xalqın milli bədii özünüifadə vasitələrindən ən güclü olanıdır. İnsanları birləşdirən, sərhəd tanımayan və duyğuları sərbəst şəkildə ifadə edə bilən musiqi, insana ən doğma olan sənət sahəsidir. Bu sahənin ustaları dünyada fəaliyyət göstərən həmkarları ilə öz dillərində ünsiyyət qurma bacarığına sahibdirlər. Azərbaycan xalqı isə zəngin musiqi irsinə malikdir.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Massi şəhərindəki Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində bildirib. O, Azərbaycan musiqisi və bəstəkarlarından bəhs edərək vurğulayıb ki, belə tədbirlərin müntəzəm olaraq keçirilməsi bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.
Konsertdə Azərbaycan xalq mahnıları ilə yanaşı, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov, İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı Rzayeva kimi bəstəkarların əsərləri, həmçinin Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər məşhur bəstəkarların əsərləri də pianoda, fleytada və klarnetdə ifa olunub.
Konsertdə pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə İannis Ksenakis Konservatoriyasının direktoru Qabriel Kabare, Moris Ravelin əsərini təqdim edib. Tədbir, Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin “Qaytağı” əsərlərinin pianoçu Səidə Zülfüqarovanın ifasında sona çatıb.