Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2025-ci il üçün filmlərə dəstək müsabiqəsinə start verib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi film istehsalının stimullaşdırılması, onun səmərəliliyinin artırılması, müstəqil prodüser mərkəzləri və digər müvafiq sahələrdə fəaliyyət göstərən şəxslər arasında rəqabət qabiliyyətinin yüksəldilməsi və birgə film istehsalının dəstəklənməsidir.
Müsabiqə, kinematoqrafiyanın müxtəlif istiqamət və janrlarını əhatə edən, kütləvi nümayişə nəzərdə tutulmuş, post-prodakşn mərhələsində olan film layihələri arasında təşkil edilir.
Müsabiqə üç mərhələdən ibarətdir: layihələrin qəbul edilməsi, Bədii Şura tərəfindən qiymətləndirilməsi və sənədləşmə işləri (o cümlədən müqavilələrin bağlanması və s.).
Müsabiqəyə təqdim olunan filmlərə verilən maksimal dəstək məbləği belədir: tammetrajlı bədii filmlər üçün 30 min manat, tammetrajlı sənədli filmlər üçün 20 min manat, qısametrajlı bədii və sənədli filmlər üçün 15 min manat, qısametrajlı animasiya filmləri üçün isə 13 min manat.