İyunun 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Uvertura.az-a verilən məlumata görə səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğruldur.
Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan səhnə əsərinin musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli – Sanço Pansa, Gültac Əlili – Dulsineya, Zaur Əliyev – Xidmətçi obrazlarında səhnəyə çıxacaqlar.