Qarabağ Zəfərinin dördüncü ildönümü şərəfinə İstanbulun Sureya Opera Teatrında “Dədə Qorqud” kamera orkestrinin möhtəşəm bir konserti təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, konsert proqramı Azərbaycan əsilli vəkil Nərgiz Attarın rəhbərliyi altında, Mədəniyyətlərarası Əlaqə Dərnəyinin təşkilatçılığı ilə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin mənəvi yardımından istifadə edərək reallaşıb. Konsertdə məşhur dirijor, Xalq artisti və Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov, dünya şöhrətli fleyta ifaçısı, Türkiyənin dövlət solisti və UNICEF tərəfindən “Türkiyə yaxşı niyyət elçisi” elan edilən Şəfiqə Kutluerin çıxışları ilə zənginləşib.
Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərindən ibarət olan konsert proqramında çox zəngin bir repertuar təqdim olunub. Konsert proqramı anşlaqla keçirilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bu günlərdə, dünyanın diqqətinin Azərbaycanda olduğu və COP29-un davam etdiyi bir dövrdə, Qarabağ Zəfərinin əhəmiyyətini mədəniyyətin dili ilə geniş auditoriyaya çatdıran bu konsertin gələcək illərdə müxtəlif ölkələrdə mütəmadi olaraq təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, Yalçın Adıgözəlov və Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada, Türkiyə Prezidenti Administrasiyasının Simfoniya Orkestri Salonunda keçiriləcək.