Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filmi artıq yekunlaşıb.
AKİ-dən Uvertüra.az-a bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.
Z.Şıxlinski bildirir ki, xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisinin müşayiəti ilə və bir neçə dildə titrlərlə təsvir olunacaq: “Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir. Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin ideyası mərhum sənətşünas alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Kitabın müəllifi xalçaçı Raul Şəbuldur. Əsərdə, xaricdə Azərbaycan xalçalarına olan maraqdan söhbət açılır”.
Onun sözlərinə görə, amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stautun qələmə aldığı “Yekun qərar” əsərində Qazax xalçalarından bəhs olunub. Bu da onu göstərir ki, Azərbaycan xalçaları artıq dünya ölkələrinin də diqqətindədir.
Z.Şıxlinski filmi Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın əziz xatirəsinə ithaf edib. Bakıda və Qazaxda çəkilən sənədli filmin operatoru Yuri Varnovskidir.