Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi qalereyasında 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi keçirilib. Uvertüra.az xəbər verir ki, sərgini giriş nitqi ilə açan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verib, bu əlamətdar günün hər il qoruqda müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Ölkəmizin bəşər sivilizasiyasının mərkəzlərindən biri kimi çox zəngin mədəni-mənəvi irsə malik olduğunu əlavə edən qoruq direktoru sərginin məqsədindən söz açıb, bir çox incəsənət sahəsinin beşiyi kimi Qobustanın daim sənətkarların ilham mənbəyinə, istinad yerinə çevrildiyini, onları yeni-yeni yaradıcılıq axtarışlarına sövq etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə tarixi abidələrin qorunmasına, mühafizəsinə çox böyük diqqət ayrıldığını qeyd edən natiq bu ənənənin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Sərgidə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva abidələrin təbliği istiqamətində görülən işlərin əhəmiyyətindən söhbət açıb, keçirilən sərginin eyni zamanda sənətkarların yaradıcılıq prosesinə stimul verəcəyinə inamını ifadə edib. Qobustan abidələrinin təkcə xalqımız üçün deyil, həmçinin bütün dünya üçün eyni dərəcədə əhəmiyyət daşıdığını qeyd edib. Tarixi abidələrimizin qorunması və mühafizəsi məsələsinin yalnız bu əlamətdar gündə deyil, hər zaman diqqətdə saxlanılacağına əminliyini dilə gətirib. Sərgidə çıxış edən natiqlər – Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev sərginin keçirilməsini yüksək qiymətləndiriblər, Qobustan mövzusunun Azərbaycan sənətşünaslığındakı mövqeyindən söhbət açıblar.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkənin 30 tanınmış və gənc sənətkarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça, keçə, qobelen və dizayn sahələri üzrə 100-dən artıq əl işi nümayiş olunub. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.