Mədəniyyət

Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisinin açılışı olub.

Uvertura.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli sərgi barədə məlumat verib. Nazir vurğulayıb ki, sərginin məqsədi sənətkarın zəngin irsinin cəmiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsidir.

“Bu prosesdə özəl sektorun mədəniyyətə və incəsənətə göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu cür layihələrin sayı çox olacaq. Azərbaycan dövləti mədəniyyət xadimlərinin irsinin qorunması və yaşadılması üçün daim diqqət və qayğı göstərir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan musiqi mədəniyyətinin dünyada elçisi kimi tanınan dahi sənətkar Rəşid Behbudovun irsinin yaşadılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Sənətkarın dünyaya səs salmış, özünəməxsus üsluba malik incəsənəti Azərbaycanı beynəlxalq miqyasda tanıdıb və onun irsi həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə təqdim olunur”, – deyə A.Kərimli əlavə edib.

You may also like