Dekabrın 14-də dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109-cu ildönümündə Fəxri xiyabanda xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Uvertura.az xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi və müğənninin ailə üzvləri iştirak ediblər. Sənətkarın ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qeyd edək ki, doğma vətənini çox sevən Rəşid Behbudov 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib və onun solisti və bədii rəhbəri olub. 55 il ərzində səhnədə olan sənətçi dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda unikal obrazlar yaradıb.
Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayıb, Azərbaycan Dövlət Filarmoniyasının və Opera və Balet Teatrının solisti olub, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Böyük müğənni 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.