Fevralın 20-də Mərakeşin paytaxtı Rabat şəhərində litvalı rejissor Aleksandras Brokasın “Sonsuz dəhliz” (Endless Corridor) filmi nümayiş olunub. Bu ekran əsəri Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilib. Filmin nümayişi Azərbaycanın Mərakeşdəki səfirliyi ilə bu ölkənin Audiovizual və Kino Peşəsi üzrə Ali İnstitutu (ISMAC) tərəfindən birgə təşkil olunub və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, ermənilər tərəfindən törədilmiş bu dəhşətli qətliamın xalqımızın tarixində ən faciəli səhifələrdən biri olduğunu vurğulayıb. Səfir, həmçinin, 30 ilə yaxın davam edən erməni işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduğunu və Xocalı da daxil olmaqla işğaldan azad edilən torpaqlara qayıdış prosesinin sürətlə davam etdiyini bildirib. O, əlavə edib ki, artıq 19 ölkə və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıyıb və bu istiqamətdə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verib.
Tədbirdə çıxış edən “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Mohamed Fakiri Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun oynadığı mühüm rolu qeyd edib.
ISMAC-ın direktoru Hakim Belabbes isə bu kimi tədbirlərin Mərakeş cəmiyyətinin Azərbaycanın tarixi, keçdiyi yol və üzləşdiyi çətinliklər barədə daha geniş məlumat əldə etməsinə, eyni zamanda, iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Filmin rejissoru Aleksandras Brokas isə “Sonsuz dəhliz”in yalnız bir faciədən bəhs etmədiyini, eyni zamanda insan ruhunun möhkəmliyini və barışığa olan ehtiyacı ön plana çıxardığını bildirib. O, filmin 2014-cü ildə Britaniya Film Festivalında ilk beynəlxalq nümayişindən sonra bir çox mükafat qazandığını və ardıcıl beş il ərzində nüfuzlu “Əl-Cəzirə” kanalında yayımlandığını, bunun isə Xocalı faciəsi ilə bağlı məlumatlılığın artmasına mühüm töhfə verdiyini qeyd edib.
Filmin nümayişindən sonra rejissor A. Brokas ISMAC-da kino sənətini öyrənən gənc tələbələrin suallarını cavablandırıb, filmin ərsəyə gəlmə prosesi və Xocalı faciəsi barədə əlavə məlumat verib.