Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il ötür.
Uvertüra.az xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə materiallar – “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisi və “Bir ömrün manifesti” adlı videomaterial hazırlanıb.
Hazırlanan materiallarda Mir Cəlalın həyat və bədii yaradıcılığına, pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Materialda Xalq yazıçısı Elçin Əfəndiyevin, akademik Nizami Cəfərovun görkəmli yazıçı haqqında söylədikləri fikirlər, tarixi faktlar yer alıb. Videoçarxda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental əsərləri haqqında dəyərli məlumatlar əks olunub. Bundan əlavə, videoçarxda ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab” romanları haqqında da məlumatlar əks olunub. Videomaterialda Mir Cəlalın foto və video görüntüləri ilə yanaşı, nümunəvi ailə modelinə malik xeyirxah insanın, gözəl pedaqoqun ailə dəyərləri, hər bir insanı ucalda biləcək şəxsi keyfiyyətlər haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisində isə Mir Cəlal Paşayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik və müdriklik”, “Mir Cəlal xatirələrdə” kimi 15-dən, özünün müəllifi olduğu “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi 10-dan artıq kitabının biblioqrafik təsviri yer alıb. Virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatlar da təqdim edilib.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.