Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq artisti, Koroğlu obrazının əvəzsiz ifaçısı Lütfiyar İmanovun anadan olmasının 95 illiyi münasibətilə tədbir təşkil edilib.
Kitabxanadan Uvertüra.az-a bildirilib ki, tədbirdə elm və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, mətbuat işçiləri, Lütfiyar İmanovun ailə üzvləri və sənətinin pərəstişkarları iştirak ediblər.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanovun milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkar, adını qızıl hərflərlə Azərbaycan mədəniyyəti tarixinə yazan görkəmli ifaçı olduğunu bildirib. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin inkişafı naminə yorulmadan, əzmkarlıqla çalışmasından, bu böyük şəxsiyyətin zəngin yaradıcılıq irsinin yetişməkdə olan gənc nəsil üçün örnək olduğundan danışıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə Lütfiyar İmanovla olan şəxsi tanışlığından və uzun illərə dayanan dostluq əlaqələrindən danışaraq, onun böyük sənətkar olması ilə yanaşı, tanınmış ictimai xadim, qayğıkeş pedaqoq, gözəl dost, həmkar olduğunu da qeyd edib. Lütfiyar İmanovun adının ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi yaradıcılığının çoxşaxəli olmasını, onun həm xalq mahnılarının ifaçısı, həm də rəngarəng repertuarlı kamera müğənnisi olduğunu vurğulayıb.
Uzun illər kitabxanaşünaslıq sahəsində fəaliyyət göstərən Tahir Sadıqov Lütfiyar İmanovun 80 illik ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş görkəmli sənətkar olduğunu söyləyərək, sənətkarın qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. Lütfiyar İmanovun çox nadir səsə malik sənətkar olmasını və onun adıçəkilən zaman hər kəsin hafizəsində “Koroğlu” obrazının canlandığını söyləyib.
Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Lütfiyar İmanov kimi sənətkarların timsalında Azərbaycan dilinin, düzgün ifa tərzinin, Azərbaycan mədəniyyəti incilərinin təhrifsiz, qüsursuz dinləyicilərə çatdırılması əhəmiyyətindən danışaraq, bu gün xalqımızın hər bir nümayəndəsinin Azərbaycan dilini qorumalı olduğunu, onu müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə, xarici konfranslarda layiqincə təqdim etməli olduğunu vurğulayıb.
Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən Lütfiyar İmanovun 95 illik yubileyi ilə əlaqədar hazırlanmış virtual kitab sərgisi haqqında məlumat verərək, materialda sənətkarın həyat və yaradıcılığı, müxtəlif xarici ölkələrin opera səhnələrində olan uğurlu, unudulmaz ifaları haqqında geniş məlumat verildiyini bildirib. Virtual kitab sərgisində Xalq artisti Lütfiyar İmanov haqqında xatirələrin yer aldığını, bir sıra foto və video görüntülərin sərgiləndiyi haqqında məlumat verib. Materialda sənətkarın həyat və yaradıcılığına həsr olunmuş 10-dan çox kitabın biblioqrafik təsvirinin verildiyini də qeyd edib.
Sonda Lütfiyar İmanovun oğlu Rauf İmanov atası ilə bağlı xatirələrindən danışıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbir boyunca Tofiq Əlizadənin Lütfiyar İmanov haqqında çəkdiyi qısametrajlı musiqili video film nümayiş olunub.