İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Ev-Muzey Günlərinin ilk buraxılışını elan edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu təşəbbüsün əsas məqsədi tarixi şəxsiyyətlərin yaşadıqları evləri və onların mədəni irsini geniş auditoriyaya tanıtmaqdır.
Beynəlxalq Ev-Muzey Günləri münasibətilə aprelin 5-i və 6-da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ev-muzeylərində xüsusi proqramlar həyata keçirilib. Bu il Azərbaycan da ilk dəfə olaraq bu beynəlxalq tədbirə qoşulub.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq Ev-Muzey Günləri çərçivəsində bir sıra tədbirlər təşkil olunub. Aprelin 5-də muzeydə açıq qapı günü elan olunaraq ziyarətçilərə Azərbaycan, rus və ingilis dillərində peşəkar bələdçilər tərəfindən ekskursiyalar təqdim olunub. Aprelin 6-da isə “Muzeydə canlanan melodiyalar” adlı klassik musiqi konserti keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən Qara Qarayev, Aqşin Rzayev, Cövdət Hacıyev və Feliks Mendelsonun əsərləri səsləndirilib.
Konsertdə müxtəlif ölkələrdən gəlmiş ziyarətçilər və musiqisevərlər iştirak ediblər.