Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində ərsəyə gələcək “Qələbəyə gedən yol” adlı 30 dəqiqəlik ekran işi sentyabrda tamaşaçılara təqdim olunacaq.
İctimai Birlikdən uvertura.az-a bildirilib ki, filmin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilir. Filmin quruluşçu rejissoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.