Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlunun aylıq ədəbiyyat dərgisi “Heca”nın “Modern Azərbaycan şeiri” buraxılışı üçün “giriş söz”ü dərc edilib.
Uvertüra.az həmin yazını təqdim edir.
“Əziz dostlar, əziz türkiyəli oxucular!
Əlinizdə tutduğunuz və təkcə Türkiyədə deyil, Azərbaycanın da peşəkar ədəbiyyat çevrələrində bilinən, ciddi qəbul edilən dərgilərindən birində, “Heca” dərgisində modern Azərbaycan şeiri 26 istedadlı şairinin mətnləri ilə təqdim olunur ki, biz bu hadisəni ilk növbədə ölkələrimizin ədəbi-mədəni mühiti üçün xeyli dərəcədə əlamətdar, təqdirəlayiq hadisə kimi dəyərləndiririk. Əlbəttə, həmkalarım Fərid Hüseyn və Qismətlə bərabər tərtib etdiyimiz bu siyahı “son instansiyanın” təqdim etdiyi siyahı olmaq iddiasında deyil, amma əminik ki, təqdim edilən şeirlər “əsrin bütün böyük modern poetik səhnə”nin səciyyəvi cizgilərini əks etdirəcəkdir. Bu nəşrin məhz Türkiyədə ərsəyə gəlməsi həm də ona görə vacibdir ki, Türkiyə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının nəzərlərinin dikildiyi yerdir, əsas mərkəzdir. Əslində, mötərizə açıb bir şeyi də qeyd etmək istərdim ki, ədəbiyyatlarımızın (türk xalqları ədəbiyyatlarının) gələcəyi ortaq türkdilli ədəbi arealın, kitab aləminin formalaşmasındadır, nəzərləri Qərbə zillənmiş və hədəfi yalnız Qərbə çıxışı olan “ədəbi proseslər” bir çox hallarda “ikinci dərəcəli” bədii mətnlərlə yadda qalır; və biz mütləq ən əvvəl öz-özümüzü tanımalıyıq.
Azərbaycan şeiri tarixən üç əsas “metrik istiqamətdə” yaradılıb, pərvəriş tapıb: hecada, əruzda, sərbəstdə. Türkiyə ilə ortaq olan, yaxud eyni bir kökə söykənən şifahi xalq ədəbiyyatımızı, dastanlarımızı bir kənara qoysaq, tarixən birinci ikisində bizim Türkiyə ilə ümumi hesab etdiyimiz yazılı poetik nümunələrimiz, mətnlərimiz və şairlərimiz çoxdur: Məhəmməd Füzuli, Yunus Əmrə (və başqaları) kimi. Amma sərbəst şeirimiz “bir-biri ilə tanış deyil”, bir-iki türkiyəli və azərbaycanlı şairi çıxsaq, bu sahədə dərin, ciddi boşluqlar var. Fikrimizcə, hazırkı nəşr həmin boşluğu doldurmasa da, o boşluğu doldurmaq üçün bir siyahı kimi vacib, istiqamətverici ola bilər.
Mən əziz dostum, dəyərli yazıçı və ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğçisi və tərcüməçisi Ömər Kiçikməhmədoğluna bu növbəti təşəbbüsü və fədakarlığı üçün dərin təşəkkür edir,
“Heca” dərgisinin rəhbərliyinə və kollektivinə minnətdarlıq hisslərimi ifadə etmək istərdim.
Poeziyanı ali insani yaradıcılıq növü, ali sənət növü hesab edirlər. Deyirlər ki, bütün digər sənətlər az və ya çox dərəcədə yaradıcılıq fəaliyyəti boyu üzə çıxan materialın özü tərəfindən sıxışdırılır, məhdudlaşır. Poeziya isə ahəngdar səsi, mənanı, şəkli özündə birləşdirərək sözlə eyni anda təzahür edir və poeziya bu səbəbdən bütün digər sənətlərin xüsusiyyətlərini də özündə ehtiva edir.
Ümid edək ki, bütün bunları dəyərli türkiyəli oxucular da, şeir, ədəbiyyat biliciləri də sezəcək, eyni zamanda həm qardaş xalqın ədəbiyyatı ilə tanış olacaq, həm də “kimlik məsələsi” kənara qoyularaq eləcə bədii-poetik mətnlərdən adi oxucu həzzi alacaqlar”.