“Səma xanımı” adlı filmin təqdimatı baş tutub.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu film Qafqaz və Yaxın Şərqin ilk təyyarəçi qadını olan Leyla Məmmədbəyovaya həsr edilib.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb və 30 dəqiqəlik bir xronometrajı var.
Peşəsinə olan sevgisi və qəhrəmanlığı ilə tarixə düşən Leyla Məmmədbəyova yalnız ilk təyyarəçi qadın olmaqla kifayətlənməyib, həm də SSRİ-nin ikinci qadın paraşütçüsü kimi tanınır.
Filmdə Leyla Məmmədbəyovanın qadınların bir çox hüquq məhrumiyyətlərinə məruz qaldığı 1930-1933-cü illərdəki mübarizəsi, çadradan imtina edərək, qorxmazlıq və möhkəm iradə göstərməsi bədii şəkildə əks olunub. Eyni zamanda, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi də vurğulanıb. Filmdə, tamaşaçılara Leylanın oxumaq arzusu, Bakı Təyyarəçilər Məktəbinə qəbul olması, müvəffəqiyyətli tələbə həyatı, ilk sərbəst uçuşu və paraşütdən ilk tullanışı təqdim edilir.
Filmin əsas məqsədi, böyük işlər görmüş tarixi şəxsiyyətlərimiz haqqında ictimaiyyəti və dünya ictimaiyyətini məlumatlandırmaqdır.