“Aktrisanın şansı olmalıdır. Mən isə istədiyim rolları oynamadım. Ürəyimdə qalan rollar oldu. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. Allah tərəfindən şans idi ki, hansısa teletamaşaya çəkildim və bir gecənin içində sevildim. Bir də istedadım oldu”.
Uvertura.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “10-da görüşək” proqramında deyib. Aktrisa arzuladığı obrazlara çəkilmədiyini deyib:
“Nə filmdə, nə teatrda istədiyim rolları oynadım. Hansısa aktrisadan soruşanda deyirlər ki, “Kleopatra”nı oynamaq istəyirəm. Mənim də arzum “Kleopatra” oynamaq olub. Bu yaxınlarda yubileyimdir. Səhnədə arzuladığım obrazları oynayacağam. Hətta 20 yaşlı qızı canlandıracağam. Günah rejissorlardadır. Küçəyə çıxanda görürəm ki, məni necə sevirlər. Görəsən, sənət aləmində niyə belə deyil?
İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. Mən yüksək qonorar istəyirəm, niyə istəməyim ki? Rusiyada olanda gördüm ki, necə qonorarlar alırlar, biz yazığıq ki… Hələ bir kapriz də edirlər. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallarda aktyorlara yazığım gəlir. Amma bəzi rejissorlar var ki, onlarla işləmək istəyirəm. Amma aktyor seriallarda ya oturur, ya ayaqüstə durur. Qoyun bir aktyor gəzsin, çay süzsün. Bunu ona görə edirlər ki, sonra montaj edə bilmirlər”.
Qızından danışan N.Allahverdiyeva “Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim, olmaz. Aktrisa olmasını isə mən istəmədim” sözlərini əlavə edib.