Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstanın Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq.
Uvertura.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstanın Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunacaq. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir.
Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.
“Naxışlarda motivlərin gözəlliyi” sərgisi oktyabrın 18-dək davam edəcək.