Teatr rejissoru, aktyor, teatr nəzəriyyəçisi. Sənətşünaslıq doktoru, professor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı.
1969-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı.
Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulub. Məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935). Həmin il Moskvada ali rejissor təhsili almağa gedib.
1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin “Bahar” dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb.
Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960- 1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib.
1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə “Azəri dramaturgiyasının estetik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov “Azəri dramaturgiyasının estetik problemləri”, “Teatr düşüncələri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Hüseyn Ərəblinski”. “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı”, “Aleksandr Tuqanov” (rus dilində), “Rejissor sənəti”, “Sabit Rəhman” və digər kitabların müəllifidir.
Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” (21 iyul 1949), “Xalq artisti” (26 aprel 1958) və “SSRİ Xalq artisti” (7 avqust 1974) fəxri adlarına layiq görülüb.
Akademik teatrda hazırladığı Hüseyn Cavidin “İblis” faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.