Mədəniyyət

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Strasburqda Novruz bayramına həsr olunmuş muğam konserti keçirilib.

Uvertura.az xəbər verir ki, Strasburqun mərkəzində yerləşən tarixi Sən-Pyer-lö-Jön kilsəsində baş tutan tədbirdə Avropa Şurasının rəsmiləri, diplomatik nümayəndəliklərin üzvləri, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək Novruz bayramının mahiyyəti və xalqımızın zəngin mədəni irsi barədə ətraflı danışıb. O, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xatırladıb.

Konsert proqramında Rövşən Qurbanov (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə gənc və istedadlı xanəndələr Rəvanə Qurbanova və Mirələm Mirələmov Novruzu və baharın gəlişini tərənnüm edən musiqi nümunələri səsləndiriblər. Azərbaycan muğamının ruh oxşayan melodiyaları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

You may also like