Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib.
Uvertura.az Azərtaca istinadən xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, əvvəlki illərdən fərqli olaraq, budəfəki yarışda daha çox ölkənin idmançıları iştirak edirlər. Nazirlik rəsmisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenkonu da təbrik edib.
Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının baş katibi Fərhad Əliyev tarixi torpaqlarda bu cür yarışın keçirilməsinin böyük uğur olduğunu vurğulayıb.
Suqovuşanda start götürən reqatanın beynəlxalq səviyyəli yarış olduğunu xatırladan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin davamlı olmasını arzulayıb.