Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Adamın adamı” adlı tamaşa nümayiş olunub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu dəfə səhnə əsəri, sənət ocağının tanınmış aktyoru, Xalq artisti və Prezident təqaüdçüsü Fatma Mahmudovanın 70 illik yubileyi münasibətilə təqdim edilib.
Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara ətraflı məlumat verərək, teatr rəhbərliyi və kollektivinin adından yubilyarı təbrik edib. O, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də təbriklərini çatdırıb.
Fatma xanımın teatr sahəsindəki səmərəli fəaliyyətini qeyd edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubilyarı “Sənətkar” medalı ilə təltif edib.
1994-cü ildən etibarən Akademik Musiqili Teatrın bir çox tamaşalarında çıxış edən Fatma xanım, bu dəfə ona verilən obrazın öhdəsindən böyük peşəkarlıqla gəlib.
Tamaşaçıların alqışları altında keçirilən səhnə əsərində aktrisa ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova və Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissoru Elməddin Dadaşov, rejissor assistenti isə Tamilla Məmmədova olub.