Uvertura.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün tanınmış saksofon ifaçısı, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı Rafiq Seyidzadə 85 illik yubileyini qeyd edir.
Rafiq Seyidzadə sənətini sevənlərə, oxucularımıza ürək sözlərini ünvanlayır: “Qarşıdan üç ilaxır çərşənbə və mənim ən sevdiyim Novruz bayramı gəlir. Bu münasibətlə xalqımıza xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Bu il biz dünyaya alnıaçıq, cəsarətlə baxa bilirik. 30 il əsarətdə qalan torpaqlarımıza görə özümüzü hədsiz narahat hiss edirdik. Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Qalib gəlmiş xalqın nümayəndəsi olmaq böyük bir xoşbəxtlikdir”.
Qeyd edək ki, 1939-cu ildə Bakı şəhərində anadan olan Rafiq Seyidzadə əslən Cənubi Azərbaycanın Əhər şəhərindəndir. Gənc yaşlarından klarnet ifaçılığına meyil edən sənətkar sonradan Asəf Zeynallı adına Musiqi Texnikumunda vokal təhsili (hazırki Milli Konservatoriya nəzdində Musiqi Kolleci) və İncəsənət İnstitutunda təhsil alıb. Sonradan saksofon aləti onu özünə cəlb edib. Gənclik illərində Bakı Dövlət Sirkində, Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. Fəaliyyəti dövründə Teatr Cəmiyyəti, Dövlət Filarmoniyası və Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb.
Poeziyaya bağlı olan musiqi xadimi şeirlər yazıb, mahnılar bəstələyib. Nəğmələrini vaxtilə tanınmış müğənnilər ifa ediblər.