“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri başlanır.
24 aprel tarixinə üç tamaşa nümayişi nəzərdə tutulur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin tamaşasını Lənkəran Dövlət Dram Teatrında (14:00), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Məlikməmməd” nağıl-tamaşasını Qusar Dövlət Ləzgi Dram Teatrında (12:00), Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomima buketi” səhnə əsəri ilə İsmayıllı Mədəniyyət Mərkəzi (14:00) nümayiş etdirəcək.
Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.