Əfsanəvi “Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün “Nərgiz” adlı yeni cizgi filmi hazırlamaq istədiyini və bunun üçün maddi dəstəyə ehtiyac olduğunu bildirib. O, bu səbəbdən də tamaşaçılara müraciət edib.
Bu barədə filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.
“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır”, – deyə müəllif bildirib.
İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub: https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176
Filmin prodüseri Rəşid Ağamalıyev bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) və digər aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.
Qeyd edək ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.
“Nərgiz” filminin məqsədi, həmçinin ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.