Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin və Türk Dövlətləri Təşkilatının üzvləri və müşahidəçi ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə türk ölkələrini təmsil edən istedadlı gənc rəssamların əsərlərindən ibarət “Novruz möcüzələri” adlı uşaq rəsm sərgisi keçirilib.
Uvertura.az xəbər verir ki, sərginin açılışında Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Özbəkistanın BMT-dəki daimi nümayəndəliklərinin səfirləri və diplomatları iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin müşaviri Leyla Novruz bildirib ki, sərginin təşkil olunmasında məqsəd Novruz bayramının Amerikada yaşayan uşaqların gözü ilə dünyaya təqdim etməkdir.
Diplomat bildirib ki, sərgi vasitəsi ilə uşaq rəssamlar Novruz bayramının tarixi, atributları və möcüzələri haqqında yerli ictimaiyyəti məlumatlandırıblar:
“Novruz yeniliyin və harmoniyanın rəmzidir. Rəngarəng Novruz özündə ümumbəşəri dəyərləri, adət-ənənələrimizi, qonaqpərvərliyi və tolerantlığı özündə əks etdirir. Mən bu sərginin keçirilməsində əməyi olan Türk ölkələrinin BMT-dəki daimi nümayəndəliklərinə və gənc rəssamlarımıza, eləcə də Türkiyənin Nyu-Yorkdakı Baş Konsulu Reyhan Özgürə və bu sərgiyə ev sahibliyi edən “Türk Evi”nə təşəkkürümü bildirirəm”.