Müğənni Elvin Abdullayev yeni duet ortağının adını açıqlayıb.
Uvertura.az xəbər verir ki, sənətçi türkiyəli iş adamının qızı Asıl Küçük adlı xanımla duet oxuyub. O bildirib ki, “Bitmez” adlı bəstənin musiqisi özünə, sözləri Arzu Yahyayevaya məxsusdur. Elvin mahnını özünün aranjiman etdiyini söyləyib:
“Bu dəfə aranjiman işini özüm etdim. Çox gözəl də alındı. Düşünürəm ki, bundan sonra özüm mahnılarımı aranjiman edəcəyəm. Artıq sənət dostlarım da bunun üçün mənə müraciət edə bilərlər. Mahnı kliplə birlikdə təqdim olunacaq”.
İfaçı mahnı üçün Türkiyədə klip çəkdirəcək. Elvin yaxın günlərdə buna görə Ankaraya yollanacağını əlavə edib.
Müğənni verilişlərə az çıxma səbəbini də açıqlayıb:
“Düşünürəm ki, keyfiyyətli iş olmadığı halda efirə çıxmaq yersizdir. Hər gün heç bir layihən, işin olmadan proqrama qatılmağın nə adı var? Gec görsən, amma yaxşı görsən. Onsuz da uaxşı veriliş də azdır. Ona görə də özünə dəyər verən sənət adamları verilişlərə az-az gedir. Hər gün gedib eyni mövzu ətrafında fırlanmağın nə mənası var? Ayda bir dəfə get, səviyyəli iş nümayiş etdir, bəsdir”.
Qeyd edək ki, Asıl Türkiyədə hotellər şəbəkəsi olan iş adamının övladıdır.