Türkiyədə Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və onun seçilmiş dram əsərlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib.
Uvertura.az Report-a istinadən xəbər verir kİ, tədbir Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY) baş tutub.
Mərasim TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlının Ev Muzeyi və Dövlət Teatr Muzeyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Tədbirdə respublikamızın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu kafedrasının müdiri İsrafil İsrafilov, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsi Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı Bölümünün professoru Ərdoğan Uygur, Cəfər Cabbarlının ev-muzeyinin direktoru və ədibin nəvəsi Qəmər Bağırova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə uyğunlaşdıran Atabəy Barış və digər qonaqlar iştirak edib. Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında film nümayiş olunub, TÜRKSOY tərəfindən nəşr olunan “Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” adlı kitab təqdim edilib.
E.Qafarlı qonaqları TÜRKSOY-un baş katibi Sultan Raevin adından salamlayaraq qeyd edib ki, Cəfər Cabbarlı qısa ömrünə baxmayaraq, Azərbaycan və Türk dünyasının çağdaş ədəbiyyatında əhəmiyyətli bir yer tutmuşdur: “Bu gün hörmətlə yad etdiyimiz ədib, Azərbaycan teatrı və kino sənətinin inkişafında mühüm rol oynamışdır. TÜRKSOY, Cəfər Cabbarlının teatr sənətini daha geniş kütləyə tanıtmaq məqsədilə onun dram əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq möhtəşəm bir kitab hazırlamışdır.”
S.Abbasov, C.Cabbarlının Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafındakı rolunu vurğulayıb.
Q.Bağırova isə bildirib ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında əvəzolunmaz xidmətlərə malikdir: “1982-ci ildə Cəfər Cabbarlının 80 illik yubileyi ilə əlaqədar abidəsi ucaldıldı və ev muzeyi açıldı. Cəfər Cabbarlı həm də böyük bir türkçü idi. Onun ömrü boyunca bu ideya xüsusilə “Ədirnənin fəthi” və “Trablus müharibəsi” əsərlərində öz əksini tapıb. Bu tədbirin keçirilməsinə görə Cəfər Cabbarlı ailəsi adından TÜRKSOY-a təşəkkür edirəm.”
“Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” kitabının müəllifi Ərdoğan Uygur, ədibi sadəcə çıxışlarla anlatmağın mümkün olmadığını vurğulayıb: “Cəfər Cabbarlı dramaturq kimi məşhurlaşmadan əvvəl şair kimi tanınmış, sonra isə dram əsərləri yazmağa başlamışdır. Azərbaycan ədəbiyyatının simvolik şəxsiyyətlərindən biridir. Onun həyatı və ədəbi fəaliyyəti şeirlər və pyeslərlə zəngindir. Mirzə Ələkbər Sabirdən təsirlənərək əsərlərində sosial ədalətsizlik, cəhalət və tamahkarlığı işıqlandırmışdır. Eyni zamanda, ədəbiyyata yeni mövzular qatmışdır.”
Natiq qeyd edib ki, C.Cabbarlı 1918-1920-ci illərdə türkçülük və millətçilik fəaliyyətləri ilə məşğul olub, Sovet dövründə isə fərqli cərəyanda yaradıcılığını davam etdirib: “Cəfər Cabbarlı iki dövrün adamı olub: 1918-1920-ci illərdə millətçilik və Turançılıq istiqamətində fəaliyyət göstərərək “Azərbaycan” qəzetində çalışıb. Sovet dönəmində isə yaradıcı fəaliyyətinə müəyyən qədər ara verib, lakin “Aydın” pyesini yazıb. Sovet dövlətinin şərtlərinə uyğun olaraq sosialist realizm cərəyanına uyğun əsərlər yazıb, bunlar arasında “Sevil” və “Almaz” pyesləri də var.”
İsrafil İsrafilov, Cəfər Cabbarlının 35 illik yaradıcılığını xatırlayaraq bildirib ki, Türk dünyasında ona bənzər şəxsiyyət tanımır: “125 il keçməsinə baxmayaraq, hələ də ikinci bir Cəfər Cabbarlı doğulmayıb.”
Tədbirin sonunda iştirakçılara TÜRKSOY-un baş katibi Sultan Raevin adından medallar təqdim olunub və kollektiv foto çəkilib.