“TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” uğurla reallaşdırılıb. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində iştirakçı ölkələrin nümayəndələri çıxış edərək, öz ölkələrindəki könüllülük fəaliyyəti, gənclər siyasəti və bu sahədəki təcrübələr haqqında məlumat veriblər.
Layihənin ilk günündə iştirakçılar üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzində məlumatlandırıcı tur, muzeylərə və tarixi abidələrə səyahətlər təşkil edilib. Növbəti gündə iştirakçılarla yerli və beynəlxalq platformalarda könüllülük fəaliyyəti, əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr, yerli təşkilatların iş prinsipi və görülən işlər müzakirə edilib.
Sonrakı günlərdə iştirakçılara Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Şəbəkə sənəti” və “Taxta oyma” üzrə ustad dərsləri verilib. Eyni zamanda, ortaq fəaliyyətlər və yeni əməkdaşlıq imkanları müzakirə edilib, könüllülüyün müxtəlif sahələrdə inkişaf etdirilməsi və Türk dünyasında gənclər üçün geniş perspektivlər yaradılması barədə təkliflər irəli sürülüb.
Layihənin sonunda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın zəngin mədəniyyətini əks etdirən sərgilər təşkil edilib. Sərgilərdə iştirakçı ölkələr öz milli mədəniyyətlərini xüsusi hazırlanmış stendlərlə nümayiş etdiriblər. Hər bir stend ölkələrin ənənələrini və mədəni dəyərlərini tanıtmaq məqsədini güdüb.
Sonra “TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” çərçivəsində mədəniyyət gecəsi keçirilib. Gecədə iştirakçı ölkələri təmsil edən gənclər öz milli musiqi və rəqs nümunələrini təqdim ediblər.
Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatının rəhbərləri və nümayəndələri iştirak edib. Tədbirlər Bakı və Şəki şəhərlərində baş tutub.