2025-ci ilin sentyabr ayında, Azərbaycanın böyük bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, mütəfəkkir alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin doğumunun 140 illiyi qeyd ediləcək.
Uvertura.az xəbər verir ki, Prezident İlham Əliyev, Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin 140 illik yubileyinin layiqincə qeyd edilməsi məqsədilə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birlikdə dahi bəstəkarın yubileyinə həsr olunmuş tədbirlər planı hazırlamalı və həyata keçirməlidir. Nazirlər Kabineti isə bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirləri görməlidir.
Sərəncamda qeyd olunur ki, Üzeyir Hacıbəyli öz çoxistiqamətli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz izlər buraxmış möhtəşəm bir şəxsiyyətdir. Cəmiyyətin mədəni inkişafına bütün ömrünü həsr edən bu fədakar ziyalının irsi, XX əsrin ilk onilliklərində Azərbaycanın ədəbi-mədəni canlanmasının əksidir. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyan Üzeyir Hacıbəyli, milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirən novator bir sənətkar kimi tanınmışdır. O, həm Şərq, həm də Qərb musiqi ənənələrini birləşdirərək dünya musiqisinin qiymətli incilərini yaratmış, Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıtmışdır. Həmçinin, Üzeyir Hacıbəyli bədii zəkası ilə Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, publisistik fəaliyyəti ilə mətbuat tarixində yeni səhifələr açmışdır. Onun azərbaycançılıq ideyalarına əsaslanan geniş ictimai-siyasi fəaliyyəti, əsl vətənpərvərlik nümunəsidir.