Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” RESPUBLİKA MÜSABİQƏSİ elan edir.
Uvertura.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin aşkar edilməsidir.
Müsabiqənin şərtləri: Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir: a) Orkestr üçün – təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7 – 8 dəqiqəlik vaxt həcmində olmalıdır; b) Xor ilə orkestr üçün – təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) 4 səsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10 – 15 dəqiqəlik vaxt həcmində olmalıdır. Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər.