Xalq artisti Ənvər Həsənovun səhhəti son günlərdə pisləşib.
Uvertura.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında sənətkarın qızı məlumat verib.
O bildirib ki, atasının vəziyyəti kritik həddə çatıb və hərəkət qabiliyyətini tamamilə itirib:
“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə hərəkət edirdi. Lakin indi tamamilə hərəkətsizdir, huşu yerində deyil. Təzyiqi 260-a qədər qalxır, dərman və iynələrlə aşağı salmağa çalışırıq. Son iki gündə bədən hərarəti də yüksəkdir və heç bir qida qəbul etmir.”
Xalq artistinin qızı atasını yenidən xəstəxanaya yerləşdirmək məsələsində qəti qərara gəlmədiklərini vurğulayıb:
“Bibilərimlə məsləhətləşdik və xəstəxanaya aparmamağı qərara aldıq. Onun vəziyyəti çox ağırdır. Bu sözləri söyləmək mənim üçün çox çətindir, amma atamın xəstəxanada vəfat etməsini istəmirik. Axşam həkimlər gələcək və son qərarı onlarla məsləhətləşib verəcəyik.”
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilib. Yanvarın 17-də vəziyyəti ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb və kəskin işemik insult diaqnozu təyin edilib.
Yanvarın 18-də stabilləşən sənətkar Nevrologiya şöbəsinə, fevralın 3-də isə Reabilitasiya Mərkəzindən evə buraxılıb. Hazırda vəziyyəti kritik olaraq qiymətləndirilir.