Xalq artisti, tanınmış aktyor və rejissor Ənvər Həsənov dünyasını dəyişib.
Uvertura.az xəbər verir ki, bu barədə sənətkarın qızı məlumat verib.
Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib, 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nin (indiki ADMİU) kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib.
Gənc yaşlarından kinoya maraq göstərən Ənvər Həsənov bir sıra yaddaqalan obrazlar yaradıb. O, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində isə Murad rolları ilə tamaşaçıların yaddaşında qalıb. Həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə birlikdə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmlərində rol alıb.
Rejissor kimi də fəaliyyət göstərən sənətkar “Haray, Xocalım, haray”, “Tələ” və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmlərini çəkib.
Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə Ənvər Həsənov 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2023-cü il mayın 6-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü ilə təltif edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində ciddi problemlər yaranmış və o, xəstəxanaya yerləşdirilmişdi.