Bu gün, yəni avqustun 9-u bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycanda ilk rok operettanın müəllifi Oqtay Kazıminin vəfatından 13 il keçir.
Uvertura.az xəbər verir ki, o, 27 dekabr 1932-ci ildə Astara rayonunda anadan olub. Orta məktəbi elə bu rayonda bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb.
Musiqi məktəbində oxuyarkən, “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyib. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb.
1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O. Kazımi “Eksperiment” estrada orkestrini yaradıb.
Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib. Onun mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer alıb.
Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa ediblər.
Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi (“Millətin oyaq gecəsi”) vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat edib.