Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktorun əmək funksiyalarını icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Xalq artisti Hacı İsmayılov, truppa müdiri Elnur Məmmədov və teatrın Həmkarlar Təşkilatı adından sədr müavini Nigar İsrafilqızı 80 illik yubileyi münasibətilə Xalq artisti Ramiz Məlikə evində baş çəkib, onu təbrik ediblər.
Teatrdan Uvertura.az-a bildirilib ki, sənətkarın Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, yubileyi münasibətilə ona təbrik məktubu, mükafat və hədiyyə təqdim olunub.
Teatr rəhbərliyi Ramiz Məlikə Allahdan şəfa arzulayıb, səhhətindəki problemlərin tezliklə həll olunacağına, yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyinə inandıqlarını deyiblər.
Xalq artisti Ramiz Məlik diqqət və qayğı üçün təşəkkürünü bildirib, teatr rəhbərliyinə yeni işində uğurlar arzu edib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən onunla mütəmadi olaraq maraqlanır, vəziyyətini diqqət mərkəzində saxlayırlar.
Qeyd edək ki, Xalq artisti Ramiz Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin korifeyləri Rza Təhmasibdən, Tofiq Kazımovdan və Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. O, aktyorluq etməklə yanaşı bir neçə tamaşada rejissor və rejissor assistenti kimi çalışıb.
1984-cü ildə Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.