Azərbaycan xalq yazıçısı Anar Rzayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ən yüksək mükafatı olan “TÜRKSOY qızıl medalı” ilə təltif edilib. Mükafat yazıçı Anar Rzayevə Qırğızıstanın Xalq yazıçısı, TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən təqdim olunub.
TÜRKSOY-un katibliyindən Uvertüra.az-a verilən məlumata görə, cari ilin mart ayında Ankarada-Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Mərkəzi Qərargahında TÜRKSOY Yazıçılar Birliyi təsis edilib. Özbəkistanın Nəvai şəhərində isə yeni qurumun ilk toplantısı keçirilib. Türk dünyasının qələm əhlini öz işığında birləşdirən yeni birliyin martın 30-da keçirilən ilk toplantısında türk xalqlarının ədəbiyyatının inkişaf strategiyası, o cümlədən yeni təsis edilən birliyin 2023-2024-cü illər üzrə fəaliyyət proqramı, həmçinin təşkilati məsələlər müzakirə olunub. TÜRKSOY Yazıçılar Birliyinin əsas hədəflərindən danışan baş katib Sultan Rayev əminliklə qeyd edib ki, TÜRKSOY Yazıçılar Birliyi ən qısa zamanda bütün dünya üçün cəlbedici quruma çevrilərək türk dövlətlərinin mədəniyyət diplomatiyasının çoxşaxəlililiyinə böyük töhfələr verəcəkdir.
Xatırladaq ki, Anar Rzayev yeni təsis olunmuş TÜRKSOY Yazıçılar Birliyinin Fəxri sədri seçilib. Sədrlik isə Qazaxıstandadır. Qazaxıstan Yazıçılar Birliyinin sədri eyni zamanda TÜRKSOY Yazıçılar Birliyinə də rəhbərlik edəcək