Bu gün Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 89 ili tamam olur.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda, Moskvada Ali ssenari kurslarında, Ali rejissor kurslarında təhsil alıb. Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində, Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Penklubunda (beynəlxalq yazıçılar təşkilatında), Azərbaycan Yazıçılar Birliyində çalışıb. Maqsud İbrahimbəyov nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. Yazıçının əsərləri bir çox dillərə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub. Onun “Bayquş gəlmişdi”, “Yay tətili”, “Bütün yaxşılıqlar üçün – ölüm!”, “Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilib.
Xalq yazıçısı 2016-cı ildə vəfat edib.