İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq.
Uvertura.az xəbər verir ki, avqustun 2-dək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq.
Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
Qeyd edək ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun anadan olmasının 90 illiyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.