Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.
Uvertura.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.
Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984–1989-cu illərdə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb. 1990-1992-ci illərdə Vyana Musiqi Akademiyasında aspirantura təhsili alıb.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.