Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parkları ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin, ətraf mühitinin qorunması ilə yanaşı, müasirləşdirilməsi və problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.
Uvertura.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qəbildən görülən işlər nəticəsində bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq şəhər sakinlərinin, qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil olunan kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.
BŞİH-in humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park – gənc rəssamların gözü ilə” adlı tədbir-sərgi məhz günü-gündən gözəlləşən və “parklar şəhəri” adlandırılan “Gənclik” stansiyasının yaxınlığındakı həmin parka həsr olunub.